DOST Mərkəzinin benefisiarları Qəbələ Beynəlxalq Hava Limanında ekskursiyada iştirak ediblər

03 Avqust 2026

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin İsmayıllı DOST Evi filialının benefisiarları üçün Qəbələ Beynəlxalq Hava Limanına maarifləndirici ekskursiya təşkil olunub.

Ekskursiya çərçivəsində hava limanının direktoru Nəcəf Əliyev iştirakçılara hava limanının fəaliyyəti, aviasiya sahəsi və burada həyata keçirilən əsas əməliyyat prosesləri barədə ətraflı məlumat verib.

Benefisiarlar qeydiyyat və təhlükəsizlik yoxlaması mərhələləri ilə yaxından tanış olub, bu prosesləri praktik şəkildə müşahidə ediblər. Daha sonra onlar perron ərazisini izləyərək hava gəmilərinin texniki təminatı və uçuşqabağı hazırlıq prosesi haqqında mütəxəssislərin təqdimatını dinləyiblər.

Ekskursiyanın sonunda iştirakçılara xatirə hədiyyələri təqdim olunub.

Bu cür maarifləndirici təşəbbüslər aviasiya sahəsinin daha yaxından tanıdılmasına, inklüzivliyin təşviqinə və cəmiyyətlə əməkdaşlığın gücləndirilməsinə töhfə verir.