Bakı Aeroportunda daha çevik və rəqəmsal sərnişin prosesləri üzrə prioritetlər müəyyənləşdirilib

14 Avqust 2026

Heydər Əliyev Beynəlxalq Aeroportunda Hava Daşımaları üzrə Rəsmiyyətin Sadələşdirilməsi Komissiyasının ilk iclası keçirilib. İclasda hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsi istiqamətində görülən işlər, sərnişinlərin hava limanında keçdiyi proseslərin daha sürətli, rahat və rəqəmsal şəkildə təşkili, eləcə də bu sahədə növbəti mərhələ üzrə prioritetlər müzakirə olunub.

Əsas diqqət elektron səyahət sənədlərinin (eMRTD), avtomatlaşdırılmış sərhəd nəzarəti sistemlərinin (eGate), biometrik texnologiyaların, eləcə də API/PNR məlumatlarının tətbiqi imkanlarına yönəldilib. Eyni zamanda, sərnişin proseslərinin daha səmərəli təşkili üçün aidiyyəti dövlət qurumları arasında məlumat mübadiləsinin və sistemlərarası inteqrasiyanın təkmilləşdirilməsi məsələləri nəzərdən keçirilib.

İclas çərçivəsində 2026-cı ilin ilk yarısında bu istiqamətdə görülmüş işlər, həmçinin sərnişin və uçuş göstəriciləri təqdim olunub. Müzakirələrin yekununda növbəti dövr üzrə əsas fəaliyyət istiqamətləri və qarşıda duran vəzifələr müəyyənləşdirilib.

Komissiyanın fəaliyyəti hava limanında sərnişin prosedurlarının mərhələli şəkildə təkmilləşdirilməsinə, rəqəmsal həllərin tətbiqinin genişləndirilməsinə və aidiyyəti qurumlar arasında koordinasiyanın gücləndirilməsinə xidmət edir.