Strateji tərəfdaşlıq: Bakı Aeroportunda avtomatlaşdırma imkanları genişlənir

09 Aprel 2025

Madriddə keçirilən Passenger Terminal Expo 2025 sərgisi çərçivəsində “Azərbaycan Hava Yolları” QSC və hava limanlarında logistikanın avtomatlaşdırılması sahəsində qlobal lider olan “Vanderlande” şirkəti arasında Strateji Əməkdaşlıq Memorandumu imzalanıb.

Bu tərəfdaşlıq çərçivəsində Heydər Əliyev Beynəlxalq Aeroportunda Baqajların Emalı Sisteminin əməliyyat səmərəliliyinin artırılması və ağıllı avtomatlaşdırma texnologiyalarının tətbiqi nəzərdə tutulur. Əsas məqsəd – hava limanının fəaliyyətini daha təhlükəsiz, sürətli və effektiv etmək, sərnişin təcrübəsini yaxşılaşdırmaq və rəqəmsal yeniliklərin tətbiqini genişləndirməkdir.

“Vanderlande” şirkəti qabaqcıl avtomatlaşdırma həlləri ilə tanınır. Hazırda şirkət dünyada 600-dən çox hava limanında illik 4 milyarddan çox baqaj vahidinin idarə olunmasını təmin edir. Şirkət hava limanlarında ağıllı avtomatlaşdırılmış sistemlər, innovativ proqram təminatı və uzunmüddətli xidmətlər təqdim edərək logistika proseslərinin təhlükəsizliyinə və səmərəliliyinə töhfə verir.

Qeyd edək ki, bu əməkdaşlıq Heydər Əliyev Beynəlxalq Aeroportunun uzunmüddətli inkişaf strategiyasının mühüm bir hissəsidir. Layihələrin icrası əməliyyatların səmərəliliyini və təhlükəsizliyini artıracaq, həm sərnişinlər, həm də aviaşirkətlər üçün xidmət keyfiyyətinin yüksəldilməsini təmin edəcək.