Heydər Əliyev Beynəlxalq Aeroportu və Fövqəladə Hallar Nazirliyi birgə təlim keçirib

05 Oktyabr 2023

5 oktyabr 2023-cü il, Bakı – Heydər Əliyev Beynəlxalq Aeroportunda həyata keçirilən təhlükəsizlik tədbirlərinin səmərəliliyinin artırılması, fövqəladə hallar zamanı struktur bölmələrin qarşısına qoyulan tapşırıqların operativ həll edilməsi və bu istiqamətdə şəxsi heyətin praktiki vərdişlərinin artırılması, eləcə də qəza-xilasetmə işləri üzrə dövlət qurumları arasında qarşılıqlı fəaliyyətin daha da gücləndirilməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidməti ilə birgə xüsusi təlim keçirilib.

Təlim ssenarisinə uyğun olaraq, Bakı hava limanının sərnişin və yük terminallarına “partlayıcı maddə”nin yerləşdirilməsi barədə daxil olmuş şərti məlumata əsasən əməliyyat simulyasiya edilib.

Belə ki, hadisə yerinə “AZAL” QSC-nin Aviasiya Təhlükəsizliyi Baş İdarəsinin xüsusi vasitələrlə təchiz edilmiş əməkdaşları, yanğınsöndürən-xilasedicilərdən ibarət bölmələr, FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin şəxsi heyəti, xüsusi təlim görmüş itləri və tibbi personal cəlb olunub.

Ərazidə olan insanlar təhlükəsiz məsafəyə təxliyə olunduqdan sonra xüsusi təlim görmüş itlərlə aparılmış axtarış tədbirləri nəticəsində hava limanının sərnişin və yük terminallarında şərti sahibsiz şübhəli əşya qismində çantalar aşkar edilib. Müayinə nəticəsində çantalarıın içində “partlayıcı maddələr”in olması təsdiqlənib.

Aşkar olunmuş “partlayış təhlükəli əşyalar”ın təhlükəsiz şəraitdə daşınaraq ərazidən kənarlaşdırılması və xüsusi partlayış meydançasında “zərərsizləşdirilməsi” qərara alınıb.

Uğurla icra olunan təlim zamanı qarşıya qoyulmuş məqsədlərə nail olunub.

 

Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidməti