“Centrum Air” Bakıdan Daşkəndə birbaşa uçuşlara başlayır

05 May 2025

2025-ci il 5 may tarixindən etibarən Özbəkistanın “Centrum Air” aviaşirkəti Bakı–Daşkənd marşrutu üzrə müntəzəm birbaşa reyslərin icrasına başlayıb. Uçuşlar hər həftənin bazar ertəsi günü müasir və komfortlu Airbus A320 təyyarələri ilə yerinə yetirilir.

“Centrum Air”-in uçuş cədvəli:

Bakı → Daşkənd: uçuş saat 19:20, eniş saat 22:50

Daşkənd → Bakı: uçuş saat 16:15, eniş saat 18:20

Daşkənd — Özbəkistanın ən iri şəhəri və Mərkəzi Asiyanın əsas iqtisadi, mədəni və nəqliyyat mərkəzlərindən biridir. Şəhər zəngin tarixi irsi və müasir infrastruktur imkanlarını özündə birləşdirir. Bakı isə Avropa ilə Asiya arasında yerləşən aparıcı hava nəqliyyatı qovşağı kimi mövqeyini gücləndirməyə davam edir və beynəlxalq əlaqələrin genişlənməsinə töhfə verir. Paytaxtlar arasında birbaşa hava əlaqəsi sərnişinlər üçün turizm, biznes və humanitar əməkdaşlıq sahələrində əlavə imkanlar yaradır.

“Biz Heydər Əliyev Beynəlxalq Aeroportuna “Centrum Air” reyslərinin açılmasını alqışlayırıq. Məşhur marşrut üzrə yeni aviadaşıyıcının olması bazarımıza artan marağı təsdiq edir və Azərbaycan və Özbəkistan arasında nəqliyyat əlaqələrini gücləndirir. Marşrut şəbəkəsinin genişləndirilməsi bizim üçün strateji prioritet olaraq qalır və biz beynəlxalq aviaşirkətlərlə əməkdaşlığın dərinləşdirilməsinə hazırıq”, – deyə Heydər Əliyev Beynəlxalq Aeroportunun direktoru Teymur Həsənov bildirib.

““Centrum Air” üçün yaxın tərəfdaşlarla hava əlaqələrinin gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Özbəkistan və Azərbaycan arasında təkcə iqtisadi deyil, həm də dərin tarixi, mədəni və qohumluq əlaqələri mövcuddur. Bakı–Daşkənd reysi xalqlarımız arasında daha bir körpü olacaq və səyahətləri asanlaşdıracaq”, – deyə “Centrum Air”in təsisçisi və İdarə Heyətinin sədri Əbdüləziz Əbdürəhmanov qeyd edib.

Qeyd edək ki, Bakı–Daşkənd istiqaməti artıq Heydər Əliyev Beynəlxalq Aeroportunun marşrut şəbəkəsində mövcuddur. “Centrum Air”in də bu xəttə daxil olması sərnişinlər üçün əlavə tezlik və seçim imkanı yaradacaq.

“Centrum Air” aviaşirkəti haqqında

Centrum Air — beynəlxalq genişlənməyə və hava nəqliyyatının əlçatanlığının artırılmasına yönəlmiş dinamik inkişaf edən özbək aviaşirkətidir. Aviaşirkət sərfəli tariflər, rahat cədvəl və yüksək xidmət səviyyəsi ilə seçilir. Şirkət region üzrə mühüm istiqamətləri əhatə edən marşrut şəbəkəsini genişləndirməkdə davam edir.  Biletləri almaq üçün rəsmi vebsayt: www.centrum-air.com

Heydər Əliyev Beynəlxalq Aeroportu haqqında

Heydər Əliyev Beynəlxalq Aeroportu (GYD) — Azərbaycanın əsas hava limanı və regionun ən müasir hava nəqliyyatı qovşaqlarından biridir. Hava limanı hər il 7 milyondan çox sərnişinə xidmət göstərir, Bakı ilə Avropa, Asiya və Yaxın Şərqdəki onlarla istiqamət arasında birbaşa əlaqə yaradır. Müasir texnoloji infrastrukturla təchiz olunmuş hava limanı beynəlxalq təhlükəsizlik və xidmət standartlarına cavab verir və Skytrax reytinqinə görə regionun ən yaxşı hava limanlarından biri kimi tanınır.