Bakı hava limanı yeni özünəxidmət sistemlərini təqdim edir

23 Noyabr 2024

Heydər Əliyev Beynəlxalq Aeroportu xidmət keyfiyyətinin və əməliyyat səmərəliliyinin artırılmasına yönəlmiş innovativ texnologiyaların tətbiqini davam etdirir. Bu proses çərçivəsində, ilk mərhələdə hava limanının 1-ci Terminalında uçuşa qeydiyyat (Self Check-In) və baqaj təhvili (Self-service Baggage Drop-Off) üçün özünəxidmət köşklər quraşdırılıb. Gələcəkdə analoji avadanlıqların 2-ci Terminalda da quraşdırılması planlaşdırılır. Bu yeniliklər gözləmə müddətini qısaltmaq, uçuş öncəsi prosedurları sadələşdirmək və sərnişinlər üçün səyahəti daha çevik və rahat etmək məqsədi daşıyır.  
Yeni köşklər sərnişinlərə ənənəvi qeydiyyat məntəqələrində növbə gözləmədən tez və asanlıqla reyslərinə qeydiyyatdan keçməyə, yer seçməyə, minik talonlarını əldə etməyə və baqajlarını təhvil verməyə imkan yaradır. Sərnişinlərin rahatlıqları üçün uçuşa hazırlıq prosesini mümkün qədər sadələşdirmək məqsədilə əl yükü və baqaj üçün müvafiq aviaşirkətin tələbləri ilə əvvəlcədən tanış olmaqları tövsiyə olunur. Sərnişinlərdən baqajlarında artıq  çəki olduğu zaman ənənəvi qeydiyyat mənətəqələrindən istifadə etmələri xahiş edilir. Xidmət üzrə növbəti mərhələlərdə köşklərdə birbaşa ödənişlərin həyata keçirilməsi və yeni funksionallıqlar əlavə edilməklə təkmilləşdirmə işlərinin aparılması nəzərdə tutulur.
Hazırda “Self check-in” və “Baggage drop off” xidmətlərindən AZAL aviaşrikətinin sərnişinləri  istifadə edə bilirlər. “Turkish Airlines”, “Qatar Airways”, “Uzbekistan Airways” və “Kuwait Airways” aviadaşıyıcıları da yaxın gələcəkdə bu xidmətlərə qoşulmaq niyyətindədirlər.
Bu köşklərdən vaxtlarına qənaət edərək və səyahət rahatlıqlarını artıraraq Bakıdan birbaşa uçuşları olan sərnişinlər yararlana bilər. Tranzit sərnişinlər üçün qeydiyyat proseduru ənənəvi olaraq qalır.
Qeyd edək ki, bu yeniliklər Heydər Əliyev Beynəlxalq Aeroportunun qabaqcıl texnologiyaların tətbiqi və xidmət keyfiyyətinin yüksəldilməsi strategiyasının tərkib hissəsidir. Bakı hava limanı sərnişinlərinə beynəlxalq standartlara uyğun müasir və rahat xidmətlər təqdim etmək işləri davam etdirir.
Sərnişinlərin yeni özünəxidmət sistemlərindən istifadə qaydaları ilə bağlı əlavə sualları olduğu təqdirdə və ya dəstək üçün hava limanının əməkdaşlarına müraciət edə bilərlər.