Bayram günlərində səyahət edən sərnişinlər üçün hava limanında vacib məqamlar

İlin son günləri səyahət üçün ən sevilən və eyni zamanda ən intensiv dövrlərdən biri hesab olunur. Bayram əhval-ruhiyyəsi, ailə ziyarətləri və qış tətili planları ilə əlaqədar olaraq yaxın günlərdə Heydər Əliyev Beynəlxalq Aeroportunda sərnişin axınının artacağı gözlənilir.

Sərnişinlərin səyahətlərini daha rahat, planlı və stresssiz keçirmələri məqsədilə hava limanı bir sıra vacib tövsiyələri diqqətə çatdırır.

Sərnişinlərə uçuşdan əvvəl hava limanına vaxtında gəlmələri tövsiyə olunur. Uçuşdan ən azı 2 saat əvvəl hava limanında olmaq qeydiyyat, pasport nəzarəti və təhlükəsizlik prosedurlarının rahat və vaxtında tamamlanmasına imkan yaradır.

Təhlükəsizlik yoxlamaları zamanı əl yükündə daşınmasına icazə verilməyən əşyalarla bağlı qaydalara ciddi riayət edilməsi vacibdir. Mayelər yalnız 100 millilitrdən artıq olmayan qablarda, şəffaf paketdə təqdim edilməlidir. Kəskin, təhlükəli və qadağan olunmuş əşyaların əl yükündə daşınmasına icazə verilmir.

Sərnişinlər uçuşdan əvvəl aviabilet, şəxsiyyət, pasport və səyahət sənədlərinin etibarlılıq müddətini, eləcə də viza tələblərini əvvəlcədən yoxlamalıdırlar. Qeyd etmək lazımdır ki, bəzi ölkələr üçün pasportun uçuş tarixindən sonra müəyyən müddət etibarlı olması tələb olunur.

Sərnişin axınının səmərəli tənzimlənməsi və təhlükəsizliyin təmin edilməsi məqsədilə hava limanında müəyyən edilmiş qaydalara əməl edilməsi, eləcə də əməkdaşların göstərişlərinə riayət olunması tövsiyə edilir. Terminal ərazisində sərnişinlərin rahatlığı üçün ictimai iaşə obyektləri, ticarət zonaları və istirahət sahələri fasiləsiz fəaliyyət göstərir.

Heydər Əliyev Beynəlxalq Aeroportu sərnişinlərə səyahət öncəsi və səyahət zamanı yaranan suallarla bağlı rəsmi internet saytı və məlumat xidmətləri vasitəsilə aktual məlumatlardan istifadə etməyi tövsiyə edir.

Mövsümdən asılı olmayaraq, Heydər Əliyev Beynəlxalq Aeroportu sərnişinlərin təhlükəsiz, rahat və vaxtında səyahətini təmin etmək üçün fəaliyyətini davam etdirir.