Xüsusi yardıma ehtiyacı olanlar

Heydər Əliyev Beynəlxalq Aeroportuna gəliş

Xüsusi yardıma ehtiyacı olan sərnişinlərin hava gəmisindən düşürdülməsi bütün sərnişinlərdən sonra həyata keçirilir. Yerüstü xidmətin əməkdaşlarından müşayiət xidmətini sifariş etdiyiniz təqdirdə yerüstü xidmət şirkətinin əməkdaşlarının gəlişinə qədər yerlərinizdə qalmağınızı xahiş edirik.

Heydər Əliyev Beynəlxalq Aeroportuna uçub gəldikdən sonra xüsusi yardıma ehtiyacı olan sərnişinləri yerüstü xidmət əməkdaşları qarşılayırlar. Onlar Sizə hava gəmisindən düşməyə, həmçinin baqajınızı almağa yardım göstərəcək və nəqliyyat vasitəsinə qədər müşayiət edəcəklər. Xüsusi yardıma ehtiyacı olan sərnişinlər üçün 1-ci Terminalın qarşısındakı avtomobil dayanacağında dayanacaq yerləri mövcuddur. 

Səyahətə hazırlıq

"Uçuşdan ən azı 48 saat əvvəl aviaşirkətlə və ya turoperatorla əlaqə saxlayaraq ehtiyac duyduğunuz xidmətlər barədə məlumat verməyinizi və onları dəqiq təsvir etməyinizi xahiş edirik.

Aviaşirkət Sizin xüsusi yardıma ehtiyacınız olduğu barədə yerüstü xidmət şirkətini əvvəlcədən xəbərdar edəcəkdir. Bu isə yerüstü xidmət şirkətinə sərnişinin fərdi ehtiyaclarına uyğun olan xidməti təqdim etməyə imkan verəcəkdir.

Aviaşirkət Sizə təhlükəsizlik tələblərinə uyğun olan oturacaq yerlərini təklif edə biləcəkdir. Uçuşların təhlükəsizliyi ilə bağlı tələblərə müvafiq olaraq sensor və/və ya fiziki imkanları məhdud olan sərnişinlərin qəza çıxışlarının yanında yerləşdirilməsi qadağandır."

Dayanacaq yerləri

"Heydər Əliyev Beynəlxalq Aeroportunda dayanacaq yerləri 1-ci və 2-ci Terminalın qarşısındakı avtomobil dayanacağında xüsusi yardıma ehtiyacı olan sərnişinlər üçün nəzərdə tutulmuş dayanacaq yerləri mövcuddur. Dayanacağa daxil olarkən həmin dayanacaq yerlərini tapmaq üçün yol işarələrini izləyin.

Tək gəldiyiniz halda və dayanacaq yerindən müşayiətə ehtiyac duyduğunuz təqdirdə, aviabilet təxsis edərkən və ya uçuşunuzdan 48 saat əvvəl aviaşirkətə və ya turizm agentliyinə hava limanına gələcəyiniz vaxt barədə məlumat verin.

Yerüstü xidmət şirkəti aviaşirkətdən lazımi məlumatı alacaq və Sizi bütün uçuş prosedurlarında müşayiət etmək məqsədilə ""xüsusi yardıma ehtiyacı olan sərnişinlər üçün dayanacaq yeri"" qeyd edilən stendin yanında gözləyəcəkdir "

Xüsusi yardıma ehtiyacı olan sərnişinlər

Xüsusi yardıma ehtiyacı olan sərnişinlərə Heydər Əliyev Beynəlxalq Aeroportunda ödənişsiz təqdim olunan xidmətlər. Heydər Əliyev Beynəlxalq Aeroportu Terminalı xüsusi yardıma ehtiyacı olan sərnişinlərin hərəkəti üçün tamamilə maneəsiz mühitdir. Bu sərnişinlərə yerüstü xidmət şirkəti tərəfindən göstərilən xidmətlərə aşağıdakılar daxildir:

  • Xüsusi yardıma ehtiyacı olan sərnişinlərin nəqliyyat vasitəsinin yanında qarşılanması;
  • Terminalla hərəkət etmək və təyyarəyə minik üçün əlil arabasının və müşayiət edən şəxsin təqdim edilməsi;
  • Ambulator lift vasitəsilə hava gəmisinə çatdırılma.

Xüsusi yardıma ehtiyacı olan sərnişinlər və onları müşayiət edən şəxslər üçün məlumat:

Səyahətinizin daha rahat və xoş keçməsini təmin etmək üçün aşağıdakı məlumatla tanış olmağınızı xahiş edirik.

Terminalda

"Heydər Əliyev Beynəlxalq Aeroportuna gəldiyiniz zaman Siz və ya Sizi müşayiət edən şəxs Məlumat masasındakı əməkdaşa müraciət edə və ya aviaşirkətin qeydiyyat masasına yaxınlaşaraq gəldiyiniz barədə məlumat verə bilərsiniz.

Məlumat masasındakı əməkdaşa müraciət etdiyiniz halda, əməkdaş Sizə bütün zəruri məlumatları çatdıracaq, müşayiət edəcək şəxsi, əlil arabasını təqdim edəcək və aviaşirkətə gəlişiniz və olduğunuz yer barədə xəbər verəcəkdir.

Xüsusi yardıma ehtiyacı olan sərnişinlər üçün:

  • Bütün aviaşirkətlərin reyslərinə qeydiyyat növbədənkənar həyata keçirilir;
  • Baxışdan sonrakı zonaya uçuşqabağı baxış növbədənkənar həyata keçirilir;
  • Müşayiət edən şəxs, həmçinin terminalda hərəkət etmək və hava gəmisinə minmək üçün araba təqdim edilir;
  • Zəruriyyət yarandıqda hava limanının 24 saat fəaliyyət göstərən tibb məntəqəsindən istifadə edə bilərsiniz;
  • Uşaqlarla səyahət etdiyiniz halda ana və uşaq otağından istifadə edə bilərsiniz;
  • Bundan başqa, pasport nəzarətindən keçdikdən sonra, bizim balaca dostlarımız üçün uşaq oyun meydançası mövcuddur.

Heydər Əliyev Beynəlxalq Aeroportunun 1-ci Terminalında xüsusi yardıma ehtiyacı olan sərnişinlərin terminal üzrə tam rahatlıqla hərəkət etmələri üçün maneəsiz mühit yaradılmışdır.

  • Təyyarə terminalla teleskopik trap vasitəsilə birləşdirildiyi halda sərnişin hava gəmisinə birbaşa çatdırılacaqdır;
  • Təyyarə uzaq dayanacaqda dayandığı halda, hava gəmisinə çatdırılma ambulator lift vasitəsilə həyata keçiriləcəkdir."

Çoxfunksiyalı Tualetlər

Xüsusi yardıma ehtiyacı olan sərnişinlər üçün 1-ci və 2-ci Terminalda çoxfunksiyalı tualetlər fəaliyyət göstərir. Burada əlil arabası istifadəçiləri, yaşlı insanlar, azyaşlı uşaqlarla səyahət edən sərnişinlər çoxfunksiyalı tualet otaqlarından rahatlıqla istifadə edə bilərlər. Çoxfunksiyalı tualetlər 1-ci Terminalın gediş-gəliş zallarının bütün mərtəbələrində yerləşir.

Elektrik ötürücü ilə təchiz olunmuş əlil arabası

İATA-nın təhlükəli malların daşınması ilə bağlı aşağıdakı qaydaları nəzərə alınmalıdır:

  • Qeydiyyat zamanı elektrik ötürücü ilə təchiz olunmuş əlil arabası baqaj bölməsinə təhvil verilir, akkumulyator söndürülür;
  • Mayeli batareyalar ayrılır, qablaşdırılır və baqaja təhvil verilir.